ART
Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə. KƏMALƏ CƏFƏRZADƏ

Mən rəssamam. Rəssamlıq mənə inamımı, ümidimi həyata keçirmək üçün nəfəs aldığım həyatımdır. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa da yenə də səni vəsf etməyə həsr edərəm". Səttar Bəhlulzadə



Azərbaycan təsviri sənətində özünəməxsus yer tutmuş, əsasən mənzərəçi-rəssam kimi məşhur olan Səttar Bəhlulzadə dünyanın bir çox ölkələrində tanınır və sevilir. Bəli, o, mənzərəçi-rəssam kimi təkrarolunmazdır. Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafında rolu çox böyükdür. Onlarla gənc rəssam onun yaradıcılıq manerasına, irsinə istinad etmiş, bəhrələnmişlər.


Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına əsl poetik ruh gətirmişdir. Onun öz tablolarına aşıladığı poetika, lirika ölməz Füzulinin fəlsəfi poeziyasından, muğamlarımızın ruhundan və ən əsası, doğma vətənə sonsuz məhəbbətindən qaynaqlanırdı. Bir çox rəssamlardan fərqli olaraq onun ilham mənbəyi məhz Vətən torpağı idi. O, vurğunu olduğu təbiət gözəlliklərini kətana köçürərək əbədiləşdirir, təbii gözəlliklərə gözəlliklər qatırdı. O, çoxlarına adi görünən daşın, gül-çiçəyin gözəlliklərini duyurdu. Məhz bunun nəticəsidir ki, Səttar Bəhlulzadə mənzərələri hamı tərəfindən anlaşılır və sevilir. Tablolarının lakonik və anlaşıqlı dili, rənglərin əlvanlığı, poetikası və lirizmi onu tamaşaçıya daha bir pay sevdirir. Bu əsərlər qarşısında dayanan tamaşaçı özünün görüb duya bilmədiyi heyrətamiz gözəlliyi Səttar gözüylə görür, duyur və məmnuniyyətlə qəbul edir.Səttar Bəhlulzadə Azərbaycanın meyvəli bağlarını, güllü-çiçəkli meşələrini, gur sulu çaylarını, yamyaşıl düzlərini, əzəmətli dağlarını təsvir etməyi hədsiz dərəcədə sevirdi. Vətənə qarşı bu qədər sevginin, istəyin olması 1950-ci illərdən etibarən rəssamın yaradıcılığında yeni bir dövrün başlanmasına səbəb olur. 1950-ci illərdən o, Azərbaycan rayonlarını gəzir, doğma yurdun təbiətinin səciyyəvi cəhətlərini dərindən öyrənməyə başlayır. Rəssam öncə bağlar diyarı Qubada olur. Qısa müddət ərzində irihəcmli epik mənzərələr bilavasitə naturadan çəkilmiş xeyli kiçik etüd işləyir.


Qubanı əks etdirən mənzərələrində rəssam Şahdağın möhtəşəmliyini, əzəmətini, Qubanın meyvəli bağlarını, gül-çiçəkli çəmənlərini, çaylarını çox məharətlə kətana köçürür, sanki, təbiəti öz gözü və fikri ilə yenidən yaradır, fırçası ilə canlandırırdı. Ümumiyyətlə, Quba mövzusu rəssamın yaradıcılığında əsas yer tutur. Bu mövzuda yaratdığı əsərləri ona daha çox şöhrət gətirən əsərləri sırasındadır. Belə ki, 1972-ci ildə rəssamın Dövlət mükafatına layiq görülən əsərləri sırasında Quba mövzusunda olan “Şahnabad dağları” əsəri də var idi. Səttar Bəhlulzadə gördüklərini öz təxəyyülünün süzgəcindən keçirərək tablolarında əks eləyirdi. Bəlkə buna görə idi ki, rəssamın əsərlərinə bir az reallıq, bir az da fantastik fikirlər xas idi.


Rəssamın Quba mövzusunda daha çox məşhur olan silsilə əsərlərindən “Qudyalçay vadisi” əsəri xüsusilə seçilir. Bu əsərdə rəssam Qudyalçayı yayın əvvəllərində təsvir etmişdir. Burada diqqəti daha çox yayın əvvəlində Şahdağın zirvəsində qar əriyən zaman təsvir olunmuş Qudyalçayın hərəkətinin və gursululuğunun dəqiq təsviri cəlb edir. Bu əsərdəki kompozisiya quruluşu olduqca maraqlıdır. Belə ki, rəssam çayın hərəkətini aydın, dolğun göstərmək üçün kompozisiyanı bir qədər maili qurmuşdur. Bununla da rəssam getdikcə uzaqlaşan sahil mənzərəsinin əhatə etdiyi məsafəni daha da genişləndirməyə müvəffəq olmuşdur. Burada istifadə olunmuş kolorit də ürəkaçan və gözoxşayandır. İstifadə olunmuş gümüşü-yaşıl kolorit vəhdəti rəssamın mənzərəyə olan baxışının əksidir. Səttar Bəhlulzadə sanki təbiətin dilini anlayır və onunla dialoq qurur. Məhz buna görədir ki, Səttarın mənzərələri realdır və sanki canlıdır. Səttar Bəhlulzadə üslubunun fərqləndirici xüsusiyyətlərindən biri budur ki, o, sanki mənzərə ilə tamaşaçını həmsöhbət edir. Ona görə də, Səttar yaradıcılığını, mövqeyindən asılı olmayaraq, hamı başa düşür, anlayır.Səttar Bəhlulzadə Qubada gördüklərini “Qudyalçay sahili”, “Qızbənövşəyə gedən yol” və s. tablolarında da təsvir etmişdir.


O, adətən təbiəti gördüyü kimi yox, arzuladığı kimi, duyduğu kimi təsvir edirdi. Onun əsərlərində təbiət olduğundan da al-əlvan, təravətli təsvir olunur və elə bunun nəticəsində Səttarın bütün əsərləri təbiətin ümumiləşdirilmiş obrazına çevrilmişdir. Səttar Bəhlulzadənin yaratdığı əsərlərinin biri digərindən effektlərə görə də fərqlənirdi. Səttar yaradıcılığı getdikcə təkmilləşirdi. Çünki, o, daim gözəlliklər, yeniliklər axtarışında idi.Onun əsərlərinə xas olan qüvvətli emosional effekt getdikcə daha da güclənirdi. Bu baxımdan rəssamın lirik səpkidə təsvir olunmuş “Qızbənövşəyə gedən yol” əsərini göstərmək olar. Bu əsərə lirik əhval-ruhiyyə xasdır. Əsərdə duyulan epik həyəcan, lirika boyaların harmoniyasından, koloritin zənginliyindən qaynaqlanmışdır. Rəssam təsvir olunmuş mənzərədə yay fəslini aydın təsvir etmək, tamaşaçıya çatdırmaq üçün olduqca maraqlı kolorit vəhdətindən istifadə etmişdir. Belə ki, havanın açıq, aydın təsviri, yaşılı-qızılı rəngin və eyni zamanda kolların tünd-yaşıl rəng koloritinin vəhdətindən yaranmış effekt yay axşamının gözəlliyini çox düzgün əks etmişdir. Bu əsər öz lirizminə, koloritinə və kompozisiya quruluşuna görə təkrarolunmazdır.Səttar Bəhlulzadə Qubanı təsvir etməkdən nə usanır, nə yorulurdu. Zaman-zaman Qubaya səfərlər edirdi.


Onun Quba ilə bir ayrılmaz dostluğu, könül həmdəmliyi, təb-təbiət vəhdəti var idi. O, Qubaya növbəti səfərini 1954-cü ildə edib. Rəssam yenə də bir-birindən gözəl tablolar - “Yaşıl xalı”, “Payız”, “Bağlar arasında”, “Şahdağ vadisi”, “Payız küləyi”, “Qızıl axşam ”, “Bahar”, “Meyvə bağı”, “Dağlar”, “Çinarlar”, “Yol kənarında”, “Almalar çiçəkləyəndə”, “Qürub çağı” və s. əsərlərini yaradır. Bu əsərlər də rəng həllinə görə maraqlı və yadda qalandır.“Qızıl axşam” tablosunda rəssam payız fəslinin gözəl bir an - mənzərəsini yaratmışdır. Bu əsərdə seçilmiş rənglər əsərə xüsusi canlılıq və təbiilik bəxş edib. Rəssamım istifadə etdiyi sarı və narıncı rənglərin vəhdəti əsərə özgə bir gözəllik gətirib. Bu rənglərin vəhdətindən yaranmış kolorit olduqca uğurlu və inandırıcıdır.Öz lirizmi ilə fərqlənən əsərləri sırasında “Yaşıl xalı” əsərini xüsusi qeyd etmək lazımdır. Bu əsər hər şeydən əvvəl öz əlvan rəng koloriti ilə diqqəti cəlb edir. Rəssamın əsərdə üstünlük verdiyi yaşıl rəng əsərə lirik, özəl və gözəl bir əhval-ruhiyyə bəxş edir. Meyvə bağının çəmənlik boyu yaratdığı ritm əsərə xüsusi bir gözəllik gətirmişdir. Səttar Bəhlulzadə doğma vətənini qarış-qarış gəzərkən sanki təbiətin dilini öyrənirdi. Bunun nəticəsi idi ki, Səttar Bəhlulzadə hər hansısa bir rayonun təbiətini təsvir edərkən istifadə etdiyi kolorit, əhval-ruhiyyə digər bir rayonun təbiətinin təsvirində təkrarlanmırdı. Qubanın təbiətinin təsvirinə həsr olunmuş tablolardakı incəliyə rəssamın heç bir əsərində rast gəlmək mümkün deyil. Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına bir çox töhfələr verdi. O, mənzərəçi-rəssam kimi, bizdə Azərbaycan təbiətinə daha gözəl sevgilər oyatdı. Bir daha sübut etdi ki, ən ülvi gözəllik məhz Vətəndir.


comments powered by Disqus
TARİX

Dördgünlük müharibə (Aprel Döyüşləri)
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. ...


Haqqında Öyrənəcəyiniz Tarixi Məlumatlarla Sizi Heyrətə Salacaq Bir Bədən İncəsənəti: Döymə
Döymə insanları ən çox düşündürən və diqqətdə saxladığı sənət növlərindən biridir. Çoxumuz elə düşünməsək də döymə bir sənət növüdü...


İstəmədiyi halda 3 fərqli ölkə üçün döyüşən Koreyalı əsgər
Savaş hekayələri danışmaqla bitməz amma kimi danışılar unudular, kimi də təsirini davam etdirməyə davam edir. Bu xatirələrdə hər kəsin tək bir məqsədi vardır o da zəfər!...


Ikinci dünya müharibəsi zamanı oğurlanmış çox qiymətli sənət əsərləri
Ikinci dünya müharibəsi zamanında birçox məşhur sənət əsəri yoxa çıxdı və ya sənət əsərlərinin oğurluğu ilə məşğul olan dəstələr tərəfindən oğurlandı.Yoxa çıxan əsə...


İtaliya Müharibəsi (1551-1559)
İtaliya Müharibəsi və ya digər adıyla Habsburg-Valois Müharibəsi, 1551-1559-ci illər arasında baş vermiş bir müharibədir....



FOTO

 
HAQQIMIZDAREKLAMVAKANSİYALARİŞ BİRLİYİƏLAQƏYAZARLAR

Bizi Izləyin

 
 
©2012 - 2016 Marifia.com Bütün hüquqlar qorunur